Hər gün istifadə etdiyimiz bank kartlarının və rəqəmsal ödənişlərin arxasında yalnız texnologiyalar deyil, bu sahənin formalaşmasında əməyi olan peşəkarlar dayanır. Onların arasında bilikləri, təcrübələri və qərarları ilə fərq yaradan qadınların xüsusi yeri var.
Cashless.az olaraq məhz bu qadınları daha yaxından tanıtmaq məqsədilə “ShePays” layihəsini təqdim edirik. Araşdırmamız nəticəsində Azərbaycanın ödəniş sektorunda öz fəaliyyəti və peşəkar yanaşması ilə iz qoyan 30 qadını bir araya gətirmişik.
Layihədə yer alan qadınların bir çoxu 20 ildən artıq peşəkar təcrübəyə malikdir. Hazırda onların arasında ölkənin aparıcı bank və maliyyə təşkilatlarında rəhbər vəzifələrdə çalışan, kart biznesi, ödəniş sistemləri, rəqəmsal bankçılıq və digər mühüm istiqamətlər üzrə zəngin təcrübəyə sahib peşəkarlar var. Onların fəaliyyəti Azərbaycanın ödəniş ekosisteminin formalaşması və inkişafında mühüm rol oynayıb.
“ShePays” bu qadınların peşəkar fəaliyyətini daha yaxından tanıtmaqla yanaşı, onların təcrübəsini və karyera yolunu ön plana çıxarmağı, eyni zamanda ödəniş və maliyyə sahəsində gələcəyini qurmaq istəyən yeni nəsil üçün ilham mənbəyi olmağı hədəfləyir.
Əlbəttə, Azərbaycanın ödəniş sektoruna töhfə verən qadınlar bu 30 nəfərlə məhdudlaşmır. “ShePays” layihəsinin növbəti mərhələlərində digər peşəkar qadınları da təqdim etməyi planlaşdırırıq.






