Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
Cashless.az xəbər verir ki, şəhadətnamələrin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 16 layihəyə baxılıb və onlardan 10-u müsbət qiymətləndirilib.
Yeni “Startap” şəhadətnamələri Smartcart, İ Happy, Kataloq Shop, Eintree Solutions, Dahacox, FitNest, Talantly və Modbender layihələrinə, həmçinin Bəhruz Quliyev və Ümid Rzazadənin rəqəmsal platformalarına təqdim edilib.
Layihələr pərakəndə ticarətdə özünəxidmət və ödəniş proseslərinin rəqəmsallaşdırılması, rəqəmsal hədiyyə kartları, satış və inventar idarəetməsi, ictimai iaşə, elektron ticarət, logistika, idman və sağlam həyat tərzi, süni intellekt əsaslı istedadların qiymətləndirilməsi və moda texnologiyaları kimi istiqamətləri əhatə edir.
“Startap” şəhadətnaməsi alan mikro və kiçik sahibkarlıq subyektləri sənədi aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar.

