2025-ci ildə “Startap” şəhadətnaməsi almış KOB subyektlərində çalışan işçilərin sayı artıb.
Cashless.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təhlilinə əsasən, ötən il “Startap” şəhadətnaməsi almış 59 KOB subyektində orta işçi sayı 183 nəfərdən 216 nəfərə yüksəlib. Bu dövr ərzində onların ümumi dövriyyəsi də artaraq 3,2 milyon manatdan 6,1 milyon manata çatıb.
Artım əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat və logistika, turizm, eləcə də biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində fəaliyyət göstərən startaplarda müşahidə olunub.
KOBİA bildirir ki, “Startap” şəhadətnaməsi almış bizneslər bazara müxtəlif innovativ məhsul və xidmətlər təqdim edib, bəzi startaplar isə yerli və xarici investorlardan sərmayə cəlb edə biliblər.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi alan sahibkarlıq subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad olunurlar. İndiyədək 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

