Süni intellektin maliyyə sektorunda tətbiqi kreditləşmənin gələcəyi ilə bağlı yeni müzakirələrə yol açır. Xüsusilə bu texnologiyanın kredit şərtlərinə və müştərilərin xərclərinə mümkün təsiri maraq doğurur.
Bəs süni intellektin tətbiqi kredit faizlərinin və komissiyaların azalmasına səbəb ola bilərmi? Müştərilər bu texnologiyanın üstünlüklərini nə zaman hiss edə biləcəklər?
Bu suallarımızı BOKT “Embafinans” QSC-nin direktoru Nahid Hüseynov cavablandırıb.
“Hesab edirəm ki, süni intellektin kreditləşmə proseslərində tətbiqi perspektivdə müştərilər üçün kreditlərin daha əlverişli şərtlərlə təqdim olunmasına imkan yarada bilər.
Süni intellekt kredit müraciətlərinin qiymətləndirilməsini sürətləndirir, əməliyyat xərclərini azaldır və kredit risklərinin daha dəqiq təhlilinə şərait yaradır. Bu isə maliyyə təşkilatlarının fəaliyyətinin səmərəliliyini artırır.
Lakin nəzərə almaq lazımdır ki, kredit faizləri yalnız əməliyyat xərclərindən asılı deyil. Burada cəlb olunan maliyyə resurslarının dəyəri, kredit riskləri və bazardakı rəqabət də mühüm rol oynayır.
Düşünürəm ki, süni intellektin tətbiqi ilk növbədə kreditlərin rəsmiləşdirilməsi müddətinin və xidmət xərclərinin azalmasına, daha uzunmüddətli perspektivdə isə faiz və komissiyaların aşağı düşməsinə müsbət təsir göstərə bilər.”

