Azərbaycanda kartdan-karta köçürmələrin həcmi yüksək həddə çatıb. Bu fikri Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, bir fiziki şəxsin hesabına gün ərzində müxtəlif kartlardan 10, 50, 100, 200 manatlıq onlarla mədaxil daxil olduğu hallar müşahidə olunur. Belə əməliyyatlar bankların daxili monitorinq sistemlərində şübhə doğurduqda, məlumat qanunvericiliyə uyğun olaraq Maliyyə Monitorinqi Xidmətinə ötürülür. Xidmət vergidən yayınma əlamətlərini aşkar etdiyi halda, məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yönləndirilir.
Kazımov bildirib ki, dövlət qurumlarının fiziki şəxslərə dair daha geniş məlumat tələbi bank sektoruna inamı zəiflədə bilər və tənzimləyici qurumun rəhbəri olaraq o, bu yanaşmanı dəstəkləmir. “Qanunvericilik fərdi məlumatları qoruyur, lakin şübhəli əməliyyatlar yoxlanılmalıdır”, — deyə Kazımov vurğulayıb.
AMB sədri vergidən yayınmanın yalnız mümkün ssenarilərdən biri olduğunu, paralel olaraq dələduzluq və çirkli pulların leqallaşdırılması risklərinin də masada olduğunu qeyd edib.

