Bu ilin yanvar-iyun aylarında dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması portalı olan tedaruk.az üzərindən 66,9 milyon manatdan çox məhsul alınıb.
Cashless.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə 112 satınalan təşkilat portal vasitəsilə 83 istehsalçı və satıcıdan ərzaq məhsulları tədarük edib. Ümumilikdə, 228 növdə məhsul üzrə 8 845 sifariş həyata keçirilib. Sifarişlər ölkənin 73 regionunu əhatə edib.
Tedaruk.az dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması prosesinin elektron platforma üzərindən aparılmasına imkan verir. Portal satınalma prosesinin daha operativ, şəffaf və səmərəli təşkilinə xidmət edir. Platforma eyni zamanda yerli istehsalçı və satıcıların dövlət satınalmalarında iştirak imkanlarını genişləndirir.
Qeyd edək ki, Tedaruk.az Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən idarə olunur.
Portal dövlət qurumları və müəssisələri ilə ərzaq məhsulu təqdim edən fermer, istehsalçı və satıcıları bir araya gətirir. Satınalan təşkilatlar ərzaq məhsullarına olan tələbatlarını platformada yerləşdirir, istehsalçı və satıcılar isə qeydiyyatdan keçərək məhsullarını satınalma prosesinə təqdim edə bilirlər.

