Telegram daxilində fəaliyyət göstərən Wallet kriptocüzdanı yenilənərək “Walt” adını alıb.
The Open Platform tərəfindən idarə olunan Walt istifadəçilərə kriptovalyuta alıb-satmaq, investisiya məhsullarından yararlanmaq və müxtəlif blokçeyn şəbəkələri üzrə əməliyyatları vahid platformadan həyata keçirmək imkanı verəcək. Mövcud hesablar, vəsaitlər və parametrlər dəyişməyəcək, məlumatların başqa sistemə köçürülməsinə də ehtiyac olmayacaq.
Yenilik bununla bitmir. Telegram daxilində ayrıca Gram Wallet adlı yeni kriptocüzdan da istifadəyə verilir. Burada vəsaitlərə nəzarət birbaşa istifadəçinin özündə olacaq. Gram Wallet vasitəsilə GRAM almaq, başqalarına vəsait göndərmək, Telegram Stars və rəqəmsal hədiyyələr əldə etmək, həmçinin platformadakı xidmətlər üçün ödəniş etmək mümkün olacaq.
İki cüzdan fərqli məqsədlərə xidmət edəcək. Gram Wallet əsasən gündəlik və sadə əməliyyatlar üçün nəzərdə tutulub. Walt isə kriptovalyuta ticarəti, investisiya və müxtəlif blokçeyn şəbəkələri ilə işləmək istəyən istifadəçilərə daha geniş imkanlar təqdim edəcək.
Gram Wallet-in Telegram-ın bir milyarddan çox istifadəçisinə mərhələli şəkildə təqdim edilməsi nəzərdə tutulur.
Walt gələcəkdə kriptovalyutalarla gündəlik ödənişlər üçün kartların, həmçinin süni intellekt əsasında işləyən ticarət alətlərinin istifadəyə verilməsini də hədəfləyir.

