“Rusiyada “Telegram” platformasının bloklanması Toncoin (TON) kriptovalyutası üçün qısamüddətli dövrdə mənfi siqnal kimi qiymətləndirilə bilər”.
Bu barədə Cashless.az-ın “Telegram”ın Rusiyada bloklanmasının TON kriptovalyutasına təsiri ilə bağlı sualına cavab olaraq rəqəmsal aktivlər üzrə ekspert Elnur Quliyev bildirib.
Ekspert bildirib ki, çünki TON-un əsas istifadə ekosistemi məhz “Telegram” üzərindən formalaşıb və Rusiyada bu platformanın geniş istifadəçi bazası mövcuddur: “Məhdudiyyətlər istifadəçi aktivliyinin azalmasına, bazarda psixoloji təzyiqə və qiymətdə volatilliyin artmasına səbəb ola bilər. Bununla yanaşı, orta və uzunmüddətli perspektivdə təsirin tam neqativ olacağı gözlənilmir”.
Elnur Quliyev bildirib ki, istifadəçilərin VPN və alternativ vasitələrlə platformaya çıxışı davam etdirə bilməsi, həmçinin TON-un “Telegram”dan daha müstəqil ekosistem kimi inkişaf etmə potensialı riskləri qismən kompensasiya edə bilər.
“Ümumilikdə, bu hadisə TON üçün daha çox qısamüddətli risk faktoru kimi qiymətləndirilir”, – deyə ekspert sözlərinə əlavə edib.
Xatırladaq ki, 2026 fevraldan etibarən Rusiyada “Telegram”ın fəaliyyəti yavaşladılıb və məhdudlaşdırılıb. Martın ortalarından isə istifadəçilər kütləvi problemlər və giriş çətinlikləri yaşayır. Bəzi məlumatlara görə, artıq platforma ölkənin bəzi hissələrində 80%-ə qədər bloklanıb. Rəsmi plan isə tam bloklamanın 2026-cı ilin aprelin 1-dən tətbiq ediləcəyi yönündədir.
Qeyd edək ki, bu günə olan məlumata əsasən TON kriptovalyutasının qiyməti 1.35 dollardır. Son 24 saatda isə qiyməti 1.33-1.36 dollar arasında olub. Adıçəkilən kriptovalyutanın ən yüksək qiyməti 2024-cü ilin iyununda qeydə alınıb: 8.25-8.28 dollar. Ən aşağı qiyməti isə 2021-ci ilin sentyabrında olub: 0.39-0.52 dollar.

