Azərbaycanda “Temu” elektron ticarət platformasının sahibi olan “PDD Holdings” şirkəti barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Cashless.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, daxil olan müraciət əsasında rəqabət orqanı tərəfindən aparılan araşdırma nəticəsində şirkətin Azərbaycan Rəqabət Məcəlləsinin 16.2.1, 16.2.7 və 16.2.8-ci maddələrinin tələblərini pozmasına dair əlamətlər müəyyən edilib.
Agentliyin məlumatında bildirilir ki, “PDD Holdings” şirkəti “Temu” platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməklə hökmran mövqedən sui-istifadə əlamətlərinə yol verib.
Hazırda işə baxılması davam edir.
Qeyd edək ki, Rəqabət Məcəlləsinin sözügedən maddələri hökmran mövqedən sui-istifadə halları ilə bağlıdır. Bu hallara aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi, rəqabəti məhdudlaşdıran qiymət siyasətinin həyata keçirilməsi, eləcə də iqtisadi və ya texnoloji əsas olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılması daxildir.

