Rəqəmsal aktiv nəhəngi Tether stabilkoin və neobankinq platforması Fasset ilə birgə qızılla təmin olunmuş Visa kartını istifadəyə verib.
“Cashless.az” “Tether.fasset.io” rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu kart istifadəçilərə bütün dünyada Visa şəbəkəsi üzrə nağdsız ödənişləri həyata keçirməyə imkan verəcək. Əsas üstünlük ondan ibarətdir ki, uyğun əməliyyatlarda 6%-ə qədər keşbek birbaşa Tether Gold – XAU₮ (1 token = 1 unsiya qızıl) şəklində hesaba qayıdacaq.
Kartın digər özəlliyi “xırda pul yığımı” funksiyasıdır: hər ödəniş zamanı məbləğ avtomatik növbəti dollara yuvarlaqlaşdırılır və yerdə qalan qəpiklər XAU₮-ə çevrilərək investisiya edilir.
Fasset həmçinin Dubai, İstanbul və Cakartada qızıl ATM-lər quraşdıracağını, şəriətə uyğun qızıl gəlir məhsulu təqdim edəcəyini açıqlayıb.
Tether-in CEO-su Paolo Ardoino bildirib ki, məqsəd qızılı dəyər saxlama vasitəsindən real ödəniş alətinə çevirməkdir.
Fasset-in CEO-su Məhəmməd Raafi Hossain isə bu kartla Tether Gold-u inkişaf edən bazarlarda ən geniş yayılmış rəqəmsal qızıl tokeninə çevirməyi hədəflədiklərini qeyd edib.

