Çinin “ByteDance” şirkətinə məxsus sosial media platforması “TikTok”un Braziliya Mərkəzi Bankına yeni maliyyə lisenziyası üçün müraciət etdiyi bildirilir.
Cashless.az xəbər verir ki, lisenziyalardan biri “TikTok”a elektron pul emissiya edən qurum kimi fəaliyyət göstərməyə imkan verə bilər.
Bu halda istifadəçilər tətbiq daxilində balans saxlaya, vəsait qəbul edə və ödənişlər həyata keçirə biləcək.
Məlumata görə, hazırda müraciətlər rəsmi şəkildə təsdiqlənməyib. “TikTok” məsələ ilə bağlı sorğulara cavab verməyib, Braziliya Mərkəzi Bankı da əlavə açıqlama təqdim etməyib. Ancaq bildirilir ki, “ByteDance” rəhbərliyi, o cümlədən qlobal ödənişlər üzrə rəhbəri lisenziya müraciətlərinin gündəmə gəldiyi gün Braziliya Mərkəzi Bankının rəhbəri ilə görüş keçirib.
Qeyd edək ki, “ByteDance” daha əvvəl 2021-ci ildə Çində “TikTok”un analoqu olan “Douyin” platformasında “Douyin Pay” xidmətini istifadəyə verib və bununla “Alipay” və “WeChat Pay” ilə rəqabətə qoşulub. 2023-cü ildə isə “TikTok” İndoneziyada ödəniş lisenziyası almağa cəhd etsə də, həmin ilin sonunda platforma daxilində birbaşa əməliyyatların aparılmasına qadağa qoyulub və şirkət yerli tərəfdaşlıqlara yönəlib.
Bildirək ki, Braziliya “TikTok” üçün strateji əhəmiyyətli bazar hesab olunur. 2025-ci ilin sonuna olan məlumata görə, ölkədə 18 yaşdan yuxarı 131 milyon istifadəçi platformadan yararlanır və reklam əhatəsi yetkin əhalinin 80%-ni təşkil edir. “ByteDance” eyni zamanda ölkədə məlumat mərkəzi üçün 38 800 ABŞ dollarından çox investisiya yatıracağını açıqlayıb.

