TON ekosisteminin tokeni Toncoin rəsmi olaraq Gram adını alıb.
Cashless.az xəbər verir ki, ad dəyişikliyi TON icmasının səsverməsindən sonra bu gün qüvvəyə minib. Səsvermədə iştirak edənlərin 81,22 %-i tokenin Gram adlandırılmasını dəstəkləyib.
Gram əslində layihə üçün yeni ad deyil. Bu ad ilk dəfə 2018-ci ildə Telegram Open Network layihəsinin ilkin versiyasında və həmin dövrdə keçirilən İCO kampaniyasında istifadə olunurdu. Sonradan token Toncoin adı ilə tanınmağa başlasa da, Gram adı ekosistemdə və texniki sənədlərdə istifadə olunmağa davam edib.
Adın bərpası təşəbbüsü Telegram-ın qurucusu Pavel Durov tərəfindən irəli sürülüb. O, iyunun əvvəlində bunu layihənin “köklərinə qayıdış” kimi xarakterizə edib və yekun qərarın icma tərəfindən verilməsini təklif edib.
Dəyişiklik nəticəsində tokenin adı Gram, ticker isə GRAM olaraq yenilənib. Bununla belə, blokçeynin adı dəyişmir və əvvəlki kimi The Open Network (TON) olaraq qalır. TON Foundation bildirir ki, istifadəçilərin balansları, cüzdan ünvanları, smart-kontraktlar, NFT-lər, staking və DeFi aktivləri dəyişməz qalır. İstifadəçilərdən hər hansı əlavə əməliyyat tələb olunmur və depozit-çıxarış əməliyyatları adi qaydada davam edir.

