Türkiyədə bir vətəndaş maraqlı investisiya qərarı ilə gündəmə gəlib. O, sahib olduğu evi sataraq əldə etdiyi pulla təxminən 1 kiloqram qızıl alıb.
Cashless.az xəbər verir ki, məlumata görə, həmin şəxs hazırda kirayədə yaşayır və bütün vəsaitini qızıla yönəldib. O, bu addımı qızılın gələcəkdə daha da bahalaşacağına inandığı üçün atdığını bildirib.
Onun iddiasına görə, yaxın illərdə qızılın qiyməti elə səviyyəyə çata bilər ki, aldığı 1 kilo qızılın dəyəri ilə 3-4 ev almaq mümkün olacaq.
Bu hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu cəsarətli və uzaqgörən addım kimi qiymətləndirsə də, digərləri belə riskli qərarın böyük itkilərlə nəticələnə biləcəyini qeyd edirlər.
Mütəxəssislər isə bildirirlər ki, qızıl uzunmüddətli dövrdə dəyərini qoruyan aktiv hesab olunsa da, bu cür yüksək qazanc gözləntiləri hər zaman reallaşmaya bilər və bazardakı dalğalanmalar nəzərə alınmalıdır.


