Türkiyə Mərkəzi Bankı (TCMB) “Papel Elektronik Para ve Ödeme Hizmetleri” şirkətinin elektron pul təşkilatı kimi fəaliyyət icazəsini ləğv edib.
Qərar ödəniş təşkilatlarının fəaliyyət şərtləri, ödənişlərin təhlükəsizliyi və tənzimləyicinin tələb etdiyi tədbirlərin yerinə yetirilməsi ilə bağlı qanun müddəalarına əsaslandırılıb.
Papel fəaliyyət icazəsini 2022-ci ilin oktyabrında əldə etmişdi. Şirkətin bəzi ödəniş xidmətləri və elektron pul emissiyası 2026-cı ilin yanvarında müvəqqəti dayandırılmışdı.
Qeyd edək ki, yanvar ayında TCMB-nin yoxlama nəticələri və Maliyyə Cinayətlərini Araşdırma Qurumunun (MASAK) hesabatları əsasında Papel vasitəsilə qanunsuz mərc, qanunsuz valyuta əməliyyatları və dələduzluqdan əldə edildiyi iddia olunan vəsaitlərin leqallaşdırılması ilə bağlı istintaq başlanıb. Şirkətin əmlakına həbs qoyulub və idarəetmə TMSF-yə (Türkiyənin Əmanətlərin Sığortalanması Fondu) həvalə edilib. Bununla belə, Papel üzrə hansı konkret halın lisenziyanın ləğvinə səbəb olduğu açıqlanmayıb.
TCMB-nin qərarında istifadəçilərin Papel hesablarında olan vəsaitlərinin qaytarılması ilə bağlı ayrıca müddət və prosedur göstərilməyib.

