Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ödəniş və elektron pul təşkilatlarına dair qaydalarda dəyişiklik edib. Yeni tənzimləməyə əsasən, elektron pul təşkilatlarının müştərilərdən topladığı və banklarda saxlanılan qoruma hesablarındakı Türk lirəsi vəsaitlərinin müəyyən şərtlərlə gəlir əldə etməsinə imkan yaradılıb.
Qərara görə, əvvəllər gəlir gətirməyən bu vəsaitlər artıq yalnız aşağı riskli və yüksək likvid aktivlərdə yerləşdirilə biləcək. Nemalandırma (gəlir əldə etmə) prosesi əsas məbləğin qorunması prinsipi əsasında, qısa müddətli – əsasən gecəlik əməliyyatlar vasitəsilə həyata keçiriləcək.
Formalaşan gəlir komissiya və qanunvericiliklə nəzərdə tutulan tutulmalar çıxıldıqdan sonra növbəti iş günü müvafiq qoruma hesablarına köçürüləcək.
Yeni qaydalara əsasən, ödəniş və elektron pul təşkilatları gündəlik əməliyyatlar üçün kifayət qədər likvidliyi təmin etməyə davam etməlidir. Eyni zamanda, qoruma hesablarında saxlanılan vəsaitlərin digər məqsədlər üçün istifadəsi qadağan olunur. Tənzimləyici həmçinin bildirib ki, fəaliyyət icazəsi müvəqqəti dayandırılan təşkilatların qoruma hesablarındakı vəsaitlər bu müddət ərzində gəlir əldə etmək üçün istifadə oluna bilməz.

