Kripto valyuta ekosisteminin inkişafı ilə birlikdə, rəqəmsal aktivləri gündəlik xərclərə bağlamağı vəd edən kripto kartları Türkiyədə gündəmə gəlib. Lakin bu məhsulların hüquqi statusu ölkə daxilində ciddi mübahisələrə səbəb olur. Bu mübahisənin mərkəzində olan şirkətlərdən biri KAST kripto kartıdır.
Cashless.az xəbər verir ki, xaricdə qeydiyyatdan keçmiş platforma Türkiyədə çoxsaylı kripto fenomenləri tərəfindən tanıdılır.
Məzmun yaradıcıları sosial mediada və video paylaşımlarında KAST-ın Türkiyədə qanuni olduğunu iddia edərək izləyicilərini platformaya yönləndirirlər. Fenomenlər məhsulu sınadıqlarını və istifadə etdiklərini irəli sürərək “Türkiyədə problemsiz işləyir” mesajını paylaşırlar. Bu məzmunlar platformaya marağı əhəmiyyətli dərəcədə artırır.
Lakin Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2021-ci il 16 aprel tarixli Rəsmi Qəzetdə yayımlanan “Ödənişlərdə Kripto Aktivlərin İstifadəsinə Qadağa” qaydası ilə kripto aktivlərin mal və xidmət ödənişlərində istifadəsini qadağan edib.
Mütəxəssislərə görə KAST Türkiyədə qeydiyyatdan keçmiş və ya lisenziyalı şirkət deyil. Platformanın həmçinin SPK-dan (Kapital Bazarları Qurumu) icazəsi yoxdur, həm də bank və ya elektron pul təşkilatı statusu mövcud deyil. Buna görə mütəxəssislər platformanın tanıtımı və istifadəsinin hüquqi baxımdan riskli olduğunu vurğulayırlar.
Xatırladaq ki, Türkiyədə kripto kartları ilə bağlı oxşar nümunə daha əvvəl də yaşanıb. “Paribu” 2020-ci ilin noyabrında öz ödəniş kartını elan etsə də, TCMB qaydalarının qüvvəyə minməsindən sonra layihə dayandırılıb.

