Özbəkistanda vahid QR ödəniş sistemi bizneslər üçün məcburi tətbiq olunacaq.
Cashless.az xəbər verir ki, 1 iyul 2026-cı ildən etibarən ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar “UzQR” vasitəsilə ödəniş qəbul etməli olacaqlar.
Yeni sistem bir QR kod vasitəsilə müxtəlif bank və ödəniş tətbiqlərindən ödəniş qəbul etməyə imkan verir. Bununla da sahibkarlar kassada müxtəlif banklara və ödəniş xidmətlərinə aid çoxsaylı QR stikerlərindən istifadə etmədən vahid kodla ödəniş qəbul edə biləcəklər.
UzQR sistemi “Uzcard” və “Humo” kart şəbəkələri ilə işləyən bank və ödəniş tətbiqləri üzərindən ödənişləri dəstəkləyir. Sistemin operatoru isə Özbəkistan Mərkəzi Bankın Klirinq Hesablaşmalar Sistemi olan MUNIS-dir.
Məlumata görə, UzQR üzrə əməliyyatlarda müştəridən 1 %, satıcıdan isə 0,65 % komissiya tutulur.
Satıcıdan tutulan 0,65 %-lik komissiyanın 0,1 %-i ekvayer banka qalır, 0,55 %-i isə MUNIS-ə ötürülür. Daha sonra bu məbləğ sistem iştirakçıları arasında bölüşdürülür: MUNIS-in payı 0,2 %, “Uzcard” və “Humo”nun ümumi payı 0,15 % təşkil edir.
Ödənişi həyata keçirən bankın payı isə əməliyyatın hansı kanal üzərindən keçdiyindən asılıdır. Əgər ödəniş digər ödəniş təşkilatı vasitəsilə icra olunursa, bank 0,05 %, bankın öz şəbəkəsində olduqda isə 0,2 % komissiya əldə edir.
Bununla belə, müştəridən tutulan 1 %-lik komissiyanın gələcək taleyi hələlik müzakirə olunur və hökumət səviyyəsində bu komissiyanın tam ləğv edilməsi ehtimalı da nəzərdən keçirilir.

