Visa Rusiyada “Visa” brendi üzrə dörd yeni ticarət nişanının qeydiyyatı üçün müraciət edib.
Cashless.az xəbər verir ki, müraciətlər 25 mart 2026-cı il tarixində ABŞ-da qeydiyyatdan keçmiş “Visa International Service Association” tərəfindən təqdim olunub. Ticarət nişanları malların və xidmətlərin beynəlxalq təsnifatına uyğun olaraq 37, 38, 39 və 45-ci siniflər üzrə qeydiyyata alınır. Bu siniflər tikinti işlərinin təşkili, rabitə xidmətləri, nəqliyyat daşımaları və təhlükəsizlik xidmətlərini əhatə edir.
Xatırladaq ki, Visa və Mastercard 2022-ci ilin mart ayında Rusiyada fəaliyyətlərini dayandırmışdı. Nəticədə, Rusiyada buraxılmış bu sistemlərə aid kartların xarici ölkələrdə işləməsi bloklaşdırılmışdır.
Rusiya Mərkəzi Bankı bildirmişdi ki, yerli banklar kartların ölkə daxilində işləməsinin davam etməsi üçün zəruri tədbirlər görüb və istifadəçilər üçün ciddi narahatlıq yaranmayıb. 2025-ci ilin oktyabr ayında isə tənzimləyici qurum vaxtı bitmiş Visa və Mastercard kartlarının Rusiyada işləməyə davam etdiyini açıqlamışdı.

