Vyetnamda şirkətlər ölkənin ilk lisenziyalı kripto birjasını işə salmaq üçün yarışır.
Cashless.az xəbər verir ki, bu, hökumətin dünyanın ən aktiv kripto bazarlarından birində xarici platformalarda ticarəti məhdudlaşdırmaq planları fonunda baş verir.
Hanoi hökuməti fevralda qəbul etdiyi qərara əsasən, yerli kripto birjalarının pilot layihəsini artıq bu ay istifadəyə verməyi planlaşdırır. Məqsəd kripto ticarəti və kapital axınları üzərində nəzarəti gücləndirməkdir.
Maliyyə Nazirliyinin martın 12-nə aid sənədinə görə ilkin seçim mərhələsindən 5 şirkət keçib. Bunlar arasında üç özəl bankın törəmə qurumları – “Techcombank”, “VPBank” və “LPBank”, həmçinin broker şirkəti “VIX Securities” və böyük konqlomeratlardan biri olan “Sun Group” yer alır.
“Sun Group” və “VPBank” lisenziya üçün müraciət etdiklərini təsdiqləyib, digər şirkətlər isə məsələ ilə bağlı şərh verməyib.
Dünyanın ən aktiv kripto bazarlarından biri
Vyetnam kripto aktivlik baxımından dünyada ön sıralardadır. “Chainalysis” tərəfindən hazırlanan indeksə görə ölkə qlobal miqyasda 4-cü yerdədir. Son 12 ayda vyetnamlı istifadəçilərin kripto əməliyyatlarının həcmi 200 milyard dolları ötüb.
Artan populyarlıq fonunda hakimiyyət orqanları kriptovalyutaların və stablecoin-lərin nəzarətsiz kapital axınlarına səbəb ola biləcəyindən narahatdır. Bu səbəbdən Maliyyə Nazirliyi vyetnamlıların xarici kripto platformalarında ticarətini qadağan edən yeni qaydalar hazırlayır.
Hazırda ölkədə kriptovalyutaya sahib olmaq qadağan edilməsə də, o, rəsmi ödəniş vasitəsi kimi tanınmır. Buna görə də istifadəçilər əsasən “Binance”, “OKX” və “Bybit” kimi xarici platformalardan istifadə edir.
Məqsəd yerli bazarı gücləndirməkdir
“Vietnam Blockchain and Digital Assets Association” rəhbəri Phan Duc Trung bildirib ki, yerli birjaların yaradılması komissiya gəlirlərinin ölkə daxilində qalmasına və rəqəmsal maliyyə sektorunun inkişafına töhfə verə bilər.
Onun sözlərinə görə bu addım, həm dövlət büdcəsinə gəlir gətirə, həm də rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirə bilər. Bununla belə, o, nəzarət, vergitutma və risklərin idarə olunması kimi sahələrdə hüquqi çərçivənin hələ tam formalaşmadığını vurğulayıb.

