Tencent şirkəti Kaspi.kz-in səhmlərinin bir hissəsini əldə edib. Bu barədə şirkətin həmtəsisçisi və rəhbəri Mixail Lomtadze məlumat verib. Onun sözlərinə görə, Tencent şirkətin təxminən 6 milyon Amerika depozitar səhmini (ADR) Baring Fintech Venture Funds fonduna məxsus paydan alıb.
Bu əməliyyat nəticəsində Tencent-in Kaspi.kz-də payı təxminən 3% təşkil edəcək.
Mixail Lomtadze bildirib ki, Tencent texnologiya sektorunda aparıcı qlobal şirkətlərdən biridir və superaplikasiya modelinin pionerlərindən sayılır. O, 1,3 milyarddan çox istifadəçiyə malik WeChat platformasının yaradıcısını Kaspi.kz-in ən böyük səhmdarları sırasında salamlamaqdan məmnun olduqlarını qeyd edib.
Lomtadze əlavə edib ki, Kaspi.kz-in uzunmüddətli səhmdarları sırasında beynəlxalq fintek investisiya şirkəti Spice Expeditions, həmçinin ABŞ universitet fondları – Washington University və WISIMCO də yer alır.
Cashless.az xəbər verir ki, 1 aprel tarixinə Kaspi.kz səhmləri belə bölüşdürülüb:
21,95% — Mixail Lomtadze,
21,24% — Baring Fintech Venture Funds,
19,76% — Vyaçeslav Kim.
Kaspi.kz xidmətlərindən Qazaxıstan və Türkiyədə 25 milyondan çox müştəri və 900 min tərəfdaş istifadə edir. Şirkətin super tətbiqi ödənişlər, e-ticarət, onlayn supermarket, fintek xidmətləri, səyahət, elanlar və dövlət xidmətlərini vahid platformada birləşdirir.
Türkiyədə isə Kaspi.kz ölkənin aparıcı e-ticarət platformalarından biri olan Hepsiburada şirkətinin 86% səhminə sahibdir.

