Western Union Digital Bank fəaliyyətini dayandıracaq, xidmət üzrə açılmış hesablar isə mərhələli şəkildə bağlanacaq.
Cashless.az xəbər verir ki, bu barədə xidmətin operatoru olan Western Union International Bank Almaniyadakı rəsmi saytında hüquqi bildiriş yayıb.
Bildirişə əsasən, istifadəçilərin hesabları bağlanma barədə məlumat aldıqdan iki ay sonra bağlanacaq. Hesab bağlandıqdan sonra Western Union Digital Bank tətbiqinə giriş mümkün olmayacaq, hesaba bağlı debit kartlar isə deaktiv ediləcək.
Bank qərarı məhsul və xidmətlərin mütəmadi qiymətləndirilməsi ilə izah edib. Bildirilib ki, belə qiymətləndirmələrdən sonra Western Union Digital Bank xidmətinin dayandırılmasına qərar verilib.
İstifadəçilərə hesablarında qalan vəsaiti çıxarmaq və ya başqa hesaba köçürmək, Western Union Digital Bank IBAN-ından istifadə edən tərəflərə alternativ bank rekvizitləri təqdim etmək, həmçinin lazımi çıxarış və sənədləri yükləyib saxlamaq tövsiyə olunub.
Qeyd edək ki, bu qərar Western Union-un pul köçürmə xidmətlərinə aid deyil. Müştərilər Western Union veb-saytı və tətbiqi üzərindən pul köçürmə xidmətlərindən istifadə etməyə davam edə biləcəklər.

