Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) 2026-cı ilin birinci rübündə dövlət qurumlarının informasiya resurslarının qorunması istiqamətində ciddi tədbirlər həyata keçirib.
Hesabat dövründə 17 domen və 123 subdomen qeydiyyata alınıb, 21 domen və 52 subdomen isə ləğv edilib. “AzStateNet” şəbəkəsi və “Sandbox” sistemi vasitəsilə milyonlarla təhlükəli keçid və zərərverici trafik bloklanıb: 41 289 866 təhlükəli keçid, 3 786 317 zərərverici trafik və 31 962 zərərli fayl zərərsizləşdirilib.
DDoS hücumlarına qarşı 7 013 863 hücum qeydə alınıb, 12 523 934 684 zərərli paket bloklanıb və 10 226 233 Mbit zərərli trafik neytrallaşdırılıb. Eyni zamanda mərkəzləşdirilmiş antivirus sistemi 1 048 869 təhlükəni zərərsizləşdirib.
Hesabat dövründə həmçinin 6 saxta domen və 60 fişinq resurs bloklanıb, dövlət elektron poçt xidmətində 1 419 645 zərərli məktub qarşısı alınıb.
Qeyd edək ki, XRİTDX-in bu tədbirləri milli rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və dövlət informasiya sistemlərinin fasiləsiz işləməsi üçün mühüm əhəmiyyət kəsb edir.

