Rusiyada Yandex-in Vladimir vilayətində yerləşən data mərkəzinə PUA hücumundan sonra şirkətin ödəniş və bulud xidmətlərində, eləcə də bu infrastrukturdan istifadə edən platformalarda kütləvi nasazlıq yaranıb.
Hücum nəticəsində data mərkəzinin infrastrukturu zədələnib və obyektin fəaliyyəti tam dayandırılıb. Yandex Cloud fövqəladə iş rejiminə keçirilib.
Nasazlıq “Yandex Pay” üzərindən həyata keçirilən bir sıra maliyyə əməliyyatlarına təsir edib. Müvəqqəti olaraq alışların ödənilməsi, pul köçürmələri, SBP əməliyyatları və kartdan nağd pul çıxarılması mümkün olmayıb. İstifadəçilər tətbiqə giriş və ödəniş səhifələrinin açılması ilə bağlı da problemlər yaşayıblar.
Yandex istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu bildirib. “Yandex Lavka”da sifarişlərin rəsmiləşdirilməsi və dəstək xidməti, “Yandex Eda”da isə sifarişlərin qəbulu müvəqqəti dayanıb.
Problemlər digər platformalara da təsir edib:
- “Dodo Pizza”da çatdırılma, özünütəhvil və restoran sifarişlərinin rəsmiləşdirilməsi mümkün olmayıb. Şirkət ödənilmiş, lakin çatdırılmamış sifarişlər üzrə vəsaitlərin geri qaytarılacağını açıqlayıb.
- Lamoda-da məhsulun səbətə əlavə edilməsi, sifarişin rəsmiləşdirilməsi və ödənişlə bağlı problemlər qeydə alınıb.
- “Magnit”in sayt və tətbiqində fasilələr yaranıb, bəzi sifarişlərin yenidən rəsmiləşdirilməsi tələb olunub.
- “Vkusno – i toçka” və Flowwow tətbiqləri müvəqqəti işləməyib.
- “Yurent”də avtorizasiya və skuter icarəsi ilə bağlı problem yaranıb. Platforma alternativ olaraq SMS vasitəsilə icarə imkanını təklif edib.
Bundan əvvəl, oktyabrın 8-də Yandex-in Ryazan vilayətindəki data mərkəzinə hücumdan sonra T-Bank, Alfa-Bank, “Avito”, “Pyateroçka”, Wildberries və digər xidmətlərdə nasazlıqlar barədə məlumatlar yayılmışdı. T-Bank istifadəçiləri bəzi ödənişlərin keçmədiyini bildirsələr də, bank bu nasazlığın Yandex data mərkəzi ilə birbaşa əlaqəsini təsdiqləməyib.
Həmin insident zamanı “Mostransavto”nun avtobus biletlərinin onlayn satışı da dayanmışdı. Bununla belə, sərnişinlər avtobuslarda validator və sürücüdəki mobil terminal vasitəsilə nağdsız ödəniş edə bilirdilər.

