Yeni ilin rəqəmsal təhlükələri
Yeni il ərəfəsi təkcə bayram alış-verişi və endirim mövsümü deyil, eyni zamanda kibercinayətkarlar üçün ən aktiv dövrlərdən biridir. Onlayn alış-verişin kəskin artması, insanların tələsik qərarlar verməsi fırıldaqçılar üçün də münbit şərait yaradır. Mütəxəssislərin fikrincə, məhz bu dövrdə hakerlər insanların diqqətsizliyindən və emosional vəziyyətindən istifadə edərək daha aqressiv üsullara əl atırlar. Belə ki, fırıldaqçıların ən çox istifadə etdiyi üsullardan biri bayram mövzulu fişinq kampaniyalarıdır. “Şaxta babadan hədiyyə”, “Yeni il sürprizi” və ya “çatdırılma bildirişi” adı altında göndərilən mesajlar istifadəçilərin diqqətini yayındırır və ehtiyatlı davranışını zəiflədir. Bu isə bir kliklə bank kartı məlumatlarının və şəxsi hesabların ələ keçirilməsinə gətirib çıxardır.
Müasir fırıldaqçılığın əsas dayaqlarından biri də etimaddır. Kibercinayətkarlar istifadəçilərə “rəhbər”, “bank meneceri”, “polis əməkdaşı”, “kuryer” və ya “poçt işçisi” adından müraciət edərək onları dərhal hərəkət etməyə məcbur edirlər. Xüsusilə təhlükəli tendensiya səsli dipfeyklərin sürətlə yayılmasıdır. Artıq həmkarın və ya rəhbərin səsinin süni şəkildə yaradılması nadir hal sayılmır. Fırıldaqçılar istifadəçiləri “təcili hesabı ödəyin”, “pul köçürün” və ya “məsələni bu gün həll edin” kimi çağırışlarla aldatmağa çalışır. İlin sonundakı iş gərginliyi və vaxt təzyiqi isə bu çağırışları daha da inandırıcı edir. Analitiklərin proqnozuna görə, növbəti ildə bu hücumlar real vaxt rejiminə keçəcək.
Digər geniş yayılmış üsul saxta onlayn mağazalar və bilet satış platformalarıdır. Vizual olaraq tanınmış marketpleysləri xatırladan bu saytlar “yalnız bu gün”, “son biletlər” kimi mesajlarla təzyiq yaradır. Analitiklər qeyd edirlər ki, istifadəçilər məhz vaxt məhdudiyyəti hiss etdikdə saytın ünvanını və hüquqi məlumatlarını yoxlamağı unudurlar. Ödəniş həyata keçirildikdən sonra isə nə məhsul olur, nə də geri dönüş.
Dekabr-yanvar aylarında saxta çatdırılma və logistika bildirişləri də aktivləşir. İstifadəçilərə saxta domenlərə aparan linklər, “izləmə” üçün QR-kodlar, Android və iOS üçün şübhəli tətbiqlər və ya guya “dəstək xidməti” botları göndərilir. Böyük dil modellərinin (LLM) istifadəsi nəticəsində bu mesajlar daha savadlı, ardıcıl və inandırıcı olur ki, bu da risk səviyyəsini əhəmiyyətli dərəcədə artırır.
Ekspertlərin fikrincə, yeni il ərəfəsində kiberhücumların əsas təhlükəsi texniki vasitələrdən çox istifadəçi davranışında gizlənir. Tələskənlik, emosional qərarlar və “mənə olmaz” düşüncəsi kibercinayətkarların əsas alətinə çevrilir. Mütəxəssislər isə şübhəli linklərdən uzaq durmağı, sayt ünvanlarını yoxlamağı, onlayn ödənişlər üçün limitli kartlardan istifadə etməyi tövsiyə edir. “Pulsuz hədiyyə” vədlərinə ehtiyatlı yanaşmaq isə riskləri xeyli azaldır.