BakuBus avtobuslarında NFC ilə ödəniş tam aktivləşdirildi
Bu gündən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemi ilə nağdsız ödəniş tam şəkildə aktivləşdirilib. Yerüstü Nəqliyyat Agentliyindən məlumatına görə, artıq sərnişinlər NFC dəstəkli yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə ödəniş edə bilərlər.
Yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Belə ki, hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə çatdırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində tətbiq olunur və mərhələnin nəticələrinə əsasən gələcəkdə ödənişlərin sayının artırılması planlaşdırılır. Qeyd olunub ki, yeni ödəniş sistemi sərnişinlərə əlavə rahatlıq yaradır. Artıq nağd pul və ya fiziki “BakıKart” daşımağa ehtiyac yoxdur. Ödənişi telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr ərzində həyata keçirmək mümkündür. Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir. Avtobuslarda ödəniş zamanı yalnız NFC dəstəkli yerli bank kartlarından, eləcə də smartfon və ağıllı saatlardan istifadə mümkündür.