“NANT Global Finance” ABŞ Kapital Bazarlarını Blokçeyn ilə Modernləşdirir
“NANT Global Finance” (NANT) yeni nəsil kapital bazarları platformasını istifadəyə verib. Broker xidməti, birja əməliyyatları, transfer agenti xidmətləri və blokçeyn texnologiyasını bir araya gətirən bu platforma bazarda şəffaflıq, səmərəlilik və real vaxt hesablaşmaları təmin etməyi hədəfləyir. “NANT”ın baş direktoru Mark Elenovits bildirib ki, yeni texnoloji həll tokenləşdirilmiş qiymətli kağızların milli bazarlarda listinqi üçün şəffaflıq və real vaxtlı hesablaşma imkanı yaradacaq.
Şirkətə “Los Angeles Times Media Group”un sahibi, investor Dr. Patrik Sun-Şionq tərəfindən dəstək verilir. Onun sözlərinə görə, ABŞ kapital bazarlarının əməliyyat sistemi tokenləşməni qəbul edəcək şəkildə yenidən qurulur və bu infrastruktur gündəlik təxminən 3 trilyon dollarlıq qiymətli kağız əməliyyatlarının daha sürətli və sərfəli hesablaşması üçün mühüm rol oynayacaq.
ABŞ-ın müvafiq maliyyə tənzimləyicilərindən yekun təsdiq alındıqdan sonra “NANT” brokerlik, investisiya bankçılığı, alternativ ticarət sistemləri, rəqəmsal aktivlərin mühafizəsi və blokçeyn əsaslı hesablaşmaları əhatə edən birləşdirilmiş maliyyə xidmətləri qrupu kimi fəaliyyət göstərəcək.