2025-ci ildə kriptofondlara axın azalıb

Yan 7, 2026 - 17:01
 0
2025-ci ildə kriptofondlara axın azalıb

2025-ci ildə kriptovalyuta birja məhsullarına (ETP) yönələn vəsaitlərin həcmi 47,2 milyard dollar təşkil edib. “CoinShares” şirkətinin hesabatına görə, bu göstərici illik müqayisədə 3,1% azalıb.
Ölkələr üzrə bölgüdə ABŞ lider mövqeyini qoruyub. Belə ki, amerikalı investorlar il ərzində kriptofondlara 42,5 milyard dollar vəsait yatırıb. Bununla belə, bu rəqəm əvvəlki illə müqayisədə 12% azalıb.
Avropa bazarlarında ən diqqətçəkən artım Almaniyada qeydə alınıb. Bu ölkədə 2024-cü ildə 43 milyon dollar həcmində vəsait çıxışı qeydə alınsa da, 2025-ci ildə kriptofondlara yönələn kapital axını 2,5 milyard dollara çatıb. Oxşar dinamika Kanadada da müşahidə edilib. Ötən il 603 milyon dollar vəsait itkisi ilə üzləşən bazar 2025-ci ildə 1,1 milyard dollar həcmində daxilolma qeydə alıb. İsveçrədə isə kriptofondlara yatırımlar 11,5% artaraq 775 milyon dollar olub.
Hesabatda qeyd olunub ki, son bir ildə bitkoin fondlarına maraq zəifləyib. Belə ki, bitkoinə yönələn vəsait axını 35% azalaraq 2024-cü ildəki 41,7 milyard dollardan 26,9 milyard dollara enib. Aparıcı altkoinlərə əsaslanan məhsullar isə əksinə, əhəmiyyətli artım nümayiş etdirib. “Ethereum” üzrə ETP-lər 12,7 milyard dollar cəlb edib. “XRP” və “Solana” seqmentlərində isə müvafiq olaraq 3,7 milyard və 3,6 milyard dollar həcmində vəsait axını qeydə alınıb