Böyük Britaniyada kripto vergisinə nəzarət gücləndirildi

Yan 5, 2026 - 14:47
 0
Böyük Britaniyada kripto vergisinə nəzarət gücləndirildi

Böyük Britaniya kriptovalyuta sahəsində vergi yayınmalarına qarşı genişmiqyaslı tədbirlərin icrasına başlayıb. Belə ki, 2026-cı il yanvarın 1-dən ölkədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Kriptoaktivlərin Hesabatlılıq Çərçivəsi (CARF) qüvvəyə minib. Yeni sistemin əsas məqsədi kripto vergi yayınmalarının qarşısını almaq və bazarda şəffaflığı artırmaqdır.

Yeni qaydalar kripto birjaları və platformalardan istifadəçilər haqqında ətraflı məlumatların, eləcə də cüzdan fəaliyyəti, əməliyyat tarixçəsi, vergi məlumatlarının toplanmasını və vergi orqanları ilə mübadiləsini tələb edir.
2026‑cı il ərzində həyata keçirilən bütün kripto əməliyyatları üzrə hesabatlar 2027‑ci il mayın 31-dək təqdim olunmalıdır. 2027‑ci ildən isə HMRC (Böyük Britaniya Vergi və Gömrük İdarəsi) bu məlumatları CARF‑ə qoşulan digər ölkələrlə də paylaşacaq ki, bu da kripto gəlirlərinin xaricdə gizlədilməsini daha da çətinləşdirəcək. 

Qaydalara əməl etməyən subyektlər ciddi cərimələr və hüquqi məsuliyyətlə üzləşə bilər. Yanlış məlumat təqdim edən və ya əməliyyatları bildirməyən birjalar üçün hər istifadəçi üzrə 300 funt sterlinq cərimə tətbiq olunacaq. Fərdi şəxslər üçün isə kripto gəlirlərini gizlətmək və ya bəyan etməmək əlavə faiz və cərimələrin tətbiqinə, ağır hallarda isə hüquqi tədbirlərin görülməsinə səbəb ola bilər.

Qeyd edək ki, hazırda 48 ölkə CARF qaydalarını qəbul edib, təxminən 75 ölkə isə gələcəkdə qoşulmağa razılıq verib