Binance Ukraynadan olan istifadəçilər üçün kart çıxarışlarını dayandırdı
Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance Ukraynadakı istifadəçilərinə xəbərdarlıq göndərib. Bildirib ki, 2025-ci il dekabrın 29-dan platforma fiat kanalları ilə bağlı qaydaları dəyişir və bir sıra xidmətlərin göstərilməsini müvəqqəti olaraq dayandırır. Əsas dəyişiklik isə bank kartlarına birbaşa vəsait çıxarılmasının bloklanmasıdır. Belə ki, istifadəçilər artıq “VISA” və “MasterCard” kartlarına pul çıxara bilməyəcəklər. Bununla yanaşı, kriptovalyutanın avtomatik və müntəzəm alışı, eləcə də fiatla aktivlərin alınması üçün qoyulan limitli sifarişlər də ləğv edilib.
Buna baxmayaraq, platformada vəsait yerləşdirmə imkanları demək olar ki, dəyişməyib. İstifadəçilər “VISA” və “MasterCard” kartları ilə depozit yerləşdirə, “Apple Pay” və “Google Pay” vasitəsilə hesablarını artıra bilərlər. Həmçinin SWIFT köçürmələri ilə vəsaitlərin həm yerləşdirilməsi, həm də çıxarılması mümkündür.
Avropa valyutaları ilə əməliyyatlarda geniş istifadə olunan “Zen.com” ödəniş xidməti də mövcud metodlar sırasındadır.
Binance təcili vəsait çıxarmaq istəyən istifadəçilərə SWIFT köçürmələri və ya region üçün əlçatan olduğu halda "P2P ticarət" kimi alternativ üsullardan istifadə etməyi tövsiyə edib.