Azərbaycan 2028-ci ildən kripto əməliyyatlarını tam izləyəcək
2028-ci ildən Azərbaycanda kriptovalyuta əməliyyatları tam izlənəcək və bütün tranzaksiyalar qeydiyyata alınacaq. Məqsəd vergidən yayınma və maliyyə cinayətlərinin qarşısını almaqdır.
2026-ci ildən dünyanın 48 ölkəsində kriptoservis təminatçıları kriptovalyuta əməliyyatları ilə bağlı məlumatları toplamaq öhdəliyi daşıyır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı Kriptoaktivlər üzrə Hesabat Çərçivəsi (CARF) əsasında toplanan məlumatlar beynəlxalq səviyyədə paylaşılacaq. Bu isə vergi yığımını artıracaq və kriptobazarda şəffaflığı təmin edəcək.
2028-ci ildən Azərbaycan da CARF sistemi üzrə məlumat mübadiləsinə başlayacaq. Mərkəzləşdirilmiş birjalar, kripto bankomatlar və brokerlər istifadəçilərin kriptovalyuta satışı, mübadiləsi və köçürülməsi barədə məlumatları vergi orqanlarına təqdim edəcək.
OECD bildirib ki, məlumat mübadiləsi kriptoinvestorların vergi öhdəliklərini daha effektiv yerinə yetirməsinə imkan yaradacaq və vergi yayınmalarına qarşı mübarizəni gücləndirəcək.
Qeyd edək ki, 2027-ci ildən məlumat mübadiləsi Avropa İttifaqına üzv bütün ölkələrdə, eləcə də Böyük Britaniya və Qazaxıstanda başlayacaq.
2028-ci ildən isə Azərbaycanla yanaşı Meksika, Monqolustan, Sinqapur, İsveçrə, Tailand, Birləşmiş Ərəb Əmirlikləri bu təşəbbüsə qoşulmağı planlaşdırır. ABŞ-nin 2029-cu ildən sistemə daxil olması nəzərdə tutulur.