"Coupang" 34 milyon istifadəçiyə 1,17 milyard dollar ödəyəcək
Cənubi Koreyanın onlayn pərakəndə satış nəhəngi “Coupang” ötən ay açıqlanan genişmiqyaslı məlumat sızmasından təsirlənən 34 milyon istifadəçiyə kompensasiya ödəyəcəyini açıqlayıb. Şirkət bildirib ki, kompensasiya ümumilikdə 1,69 trilyon Cənubi Koreya vonu (1,17 milyard dollar) təşkil edir və istifadəçilərə təxminən 35 dollar dəyərində alış vauçerləri təqdim olunacaq. Məlumat sızmasından sonra hesabını bağlayan keçmiş müştərilər də kompensasiya almaq hüququna malikdir.
“Coupang”ın qurucusu Kim Bom baş verənlərə görə üzr istəyib və hadisə ilə bağlı ilkin mərhələdə kifayət qədər aydın kommunikasiya aparılmadığını etiraf edib. Şirkət həmçinin hökumətlə əməkdaşlıq çərçivəsində sızdırılmış məlumatların geri qaytarıldığını və üçüncü tərəflərə ötürülmədiyini bildirib.
Qeyd edək ki, noyabrın 18-də açıqlanan məlumat sızmasından sonra “Coupang”ın baş direktoru Park De-cun vəzifəsindən istefa verib.