"Airwallex" Avropaya 200 milyon avroluq rəqəmsal maliyyə yatırımı edir
Avstraliyanın fintex şirkəti “Airwallex”, “Tencent”in dəstəyi ilə Avropa bazarında genişlənmək məqsədilə növbəti beş il ərzində 200 milyon avro sərmayə yatırmağı planlaşdırır. İnvestisiya əsasən Hollandiya bazarında fəaliyyətin genişləndirilməsinə, həmçinin yeni ofisin açılmasına və işçi heyətinin artırılmasına yönəldiləcək.
Şirkət Amsterdamdakı mövcud ofisini böyütməyi və əməkdaş sayını 60% artıraraq təxminən 70 nəfərə çatdırmağı hədəfləyir. Bu addım “Airwallex”in Avropa bazarında rəqəmsal ödənişlər, beynəlxalq pul köçürmələri və digər fintex xidmətləri üzrə mövqeyini gücləndirməsinə xidmət edəcək.
Genişlənmənin həm Avropa müştəriləri üçün yeni və innovativ maliyyə xidmətləri təqdim edəcəyi, həm də regionda fintex sektorunda rəqabəti daha da fəallaşdıracağı gözlənilir.
Qeyd edək ki, şirkət son on il ərzində əsasən Avstraliya və Asiya-Sakit Okean bazarlarında fəaliyyət göstərsə də, hazırda Avropa və Amerika regionlarında böyüməyə üstünlük verir. “Airwallex”in illik təkrarlanan gəliri isə artıq 1 milyard dolları ötüb.