2025-ci ilin ən böyük kriptovalyuta oğurluqları
Kibercinayətkarlar 2025-ci ildə 2,7 milyard dollardan çox kriptovalyuta oğurlayıb. İlin ən böyük kiberhücumu Dubay mərkəzli “Bybit” birjasına edilib və təxminən 1,4 milyard dollar dəyərində kripto aktiv ələ keçirilib. Blockchain analiz şirkətləri və ABŞ Federal Təhqiqat Bürosu (FBI) hücumun arxasında Şimali Koreya hökuməti ilə əlaqəli haker qruplarının dayandığını bildirir.
“Chainalysis” və “Elliptic” şirkətlərinin məlumatına görə, 2025-ci ildə bu qruplar ən fəal və “uğurlu” kriptovalyuta oğruları hesab olunur və ümumilikdə il ərzində ən azı 2,7 milyard dollar aktiv ələ keçiriblər.
Elliptic-in hesablamalarına görə, 2017-ci ildən bəri həmin kibercinayətkarlar təxminən 6 milyard dollar dəyərində kriptovalyuta oğurlayıb. “Bybit” hücumundan əvvəl ən böyük oğurluqlar 2022-ci ildə baş verib. Həmin il “Ronin Network” və “Poly Network” platformalarına qarşı həyata keçirilən hücumlarda müvafiq olaraq 624 milyon və 611 milyon dollar dəyərində kripto vəsait ələ keçirilib.
Qeyd edək ki, 2024-cü ildə kriptovalyuta oğurluqları 2,2 milyard dollar, 2023-cü ildə isə 2 milyard dollar təşkil edib.