Türkmənistan kriptovalyuta və onun mayninqini qanuniləşdirdi
Türkmənistan rəqəmsal aktivləri tənzimləyən və kriptovalyuta mayninqinə icazə verən yeni qanun qəbul edib.
Prezident Serdar Berdimuhammedovun imzaladığı sənəd yanvarın 1-i 2026-cı ildə qüvvəyə minəcək.
Yeni qanuna əsasən, kriptovalyutalar ödəniş vasitəsi kimi deyil, mülki hüquq obyektləri kimi tanınacaq. Yalnız hüquqi şəxslər və fərdi sahibkar mayninq fəaliyyəti göstərə biləcək və bu fəaliyyət üçün Mərkəzi Bankda elektron qeydiyyat tələb olunacaq
Qanun rəqəmsal aktivlərin ticarətini də əhatə edir. Kripto birjaları və treydinq xidmətləri dövlət qeydiyyatına alınacaq, istifadəçilər isə tam identifikasiya prosedurundan keçməli olacaq. Anonim əməliyyatlara icazə verilməyəcək.
Sektor üzrə reklam qaydaları da sərtləşdirilib. Risk xəbərdarlıqları məcburi olacaq. Mənfəət vədi, dəbdəbə təsvirləri və azyaşlıların cəlb edilməsi qadağan edilir. Bundan əlavə, Kripto şirkətlərinə “Türkmənistan”, “national” kimi dövlət assosiasiyalı sözlərdən istifadə etmək də qadağandır.