ABŞ Venesuelaya məxsus kriptoaktivlərin müsadirəsini nəzərdən keçirir
ABŞ rəsmiləri Venesuela ilə əlaqələndirilən kriptoaktivlərin müsadirəsi ssenarisini dəyərləndirir. CNBC-nin yaydığı məlumata görə, söhbət indiyədək ictimaiyyətə açıqlanmayan, qapalı kriptovalyuta ehtiyatından gedir. İlkin qiymətləndirmələrə əsasən, bu ehtiyatın həcmi 600 min BTC-yə qədər ola bilər ki, bu da cari bazar dəyəri ilə təxminən 60 milyard ABŞ dolları deməkdir.
Mənbələrin bildirdiyinə görə, sözügedən kriptoaktivlərin toplanması neft və qızıl ticarəti, eləcə də USDT kimi stabilkoinlər vasitəsilə aparılan əməliyyatlar hesabına mümkün olub. Bu əməliyyatların beynəlxalq sanksiyalardan yan keçmək üçün qurulmuş sxemlər üzərindən həyata keçirildiyi iddia edilir.
Analitiklərin fikrincə, belə böyük həcmdə kriptovalyutanın bloklanması və ya müsadirəsi dövriyyədə olan bitkoinlərin təxminən 3%-nin bazardan çıxarılması ilə nəticələnə bilər. Bu da təklifin azalması fonunda bazar dinamikasına təsir göstərərək BTC qiymətlərinə artım yönümlü təzyiq yarada bilər.