"Ledger" istifadəçilərinin şəxsi məlumatları yenidən oğurlandı
Kriptovalyutaların saxlanması üçün aparat cüzdanları istehsal edən məşhur “Ledger” şirkətində növbəti məlumat sızması baş verib. RBC Kripto-nun məlumatına görə, pozuntu ödəniş partnyoru “Global-e” platforması vasitəsilə reallaşıb və nəticədə istifadəçilərin şəxsi məlumatları, əsasən adlar və əlaqə məlumatları üçüncü şəxslərin əlinə keçib.
Kriptodetektiv “ZachXBT” istifadəçilərə göndərilən məktubun bir hissəsini yayımlayıb. Məktubda qeyd olunub ki, “Global-e” şəbəkəsində şübhəli aktivlik aşkarlanıb, təhlükəsizlik tədbirləri görülüb və araşdırma nəticəsində bəzi şəxsi məlumatlara icazəsiz girişin olduğu müəyyən edilib.
Hadisə ilə bağlı “Ledger” şirkəti hələlik rəsmi açıqlama yaymayıb. Qeyd edək ki, şirkət 2023-cü ilin oktyabrından məhsullarının satışını “Global-e” platforması vasitəsilə həyata keçirir. Yeri gəlmişkən, “Ledger” 2020-ci ildə də oxşar sızma yaşayıb, nəticədə 270 mindən çox müştərinin ünvan, telefon və e-poçt məlumatları ifşa olunub. Məlumat sızmasının ardından istifadəçilər uzun müddət fişinq hücumlarına məruz qalıb.