Avstraliya kripto şirkətlərini nəzarətə alır
Avstraliya kripto şirkətləri üçün yeni tənzimləmə mexanizmi hazırlayır. Parlamentə təqdim olunan yeni qanun layihəsi kripto sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin maliyyə lisenziyası almasını tələb edəcək. Bu isə sektoru ilk dəfə ənənəvi maliyyə nəzarətinə tam şəkildə tabe edəcək.
Qanun qəbul olunacağı halda, tokenləşdirilmiş daşınmaz əmlak, istiqraz və digər rəqəmsal aktivlərlə işləyən şirkətlər istehlakçıların qorunması, məlumat açıqlaması və risklərin idarə edilməsi üzrə tələblərə əməl etməli olacaqlar.
Maliyyə nazirinin müavini Daniel Mulino bildirib ki, dəyişikliklər həm istehlakçıların müdafiəsini gücləndirir, həm də innovasiyaları təşviq edir. Qanun layihəsinə əsasən, tokenləşdirmə Avstraliya iqtisadiyyatına hər il təxminən 24 milyard dollar əlavə dəyər gətirə bilər.