Visa Avropada stabilkoin məsləhət xidmətini işə salır
Visa Avropada stabilkoinlər üzrə yeni məsləhət xidmətinə start verib. “Visa Consulting & Analytics” bölməsinin təşəbbüsü ilə istifadəyə verilən “Stabilkoin Məsləhət Praktikası” banklara, fintex şirkətlərinə və ticarət müəssisələrinə rəqəmsal aktivlər üzrə fərdi strategiyaların hazırlanmasına dəstək verəcək. Xidmətə həmçinin stabilkoinlər üzrə təlimlər, bazara giriş planlaması və texnoloji inteqrasiya üzrə məsləhətlər də daxildir. Bölmənin Avropa üzrə rəhbəri Klaudio Di Nella yeni təşəbbüsün artıq kriptoyönümlü şirkətlər arasında maraq doğurduğunu bildirib.
Visa-nın məlumatına görə, qlobal stabilkoin bazarının həcmi 250 milyard dolları ötüb, şirkətin bu aktivlər üzrə hesablaşma əməliyyatları isə illik 3,5 milyard dollar səviyyəsinə çatıb. Qeyd edək ki, Visa 2023-cü ildə “USDC” ilə stabilkoin hesablaşmalarını sınaqdan keçirən ilk aparıcı ödəniş şəbəkələrindən biridir. Hazırda şirkət 40-dan çox ölkədə 130-dan artıq stabilkoinlə əlaqəli kart proqramını dəstəkləyir. Bundan əlavə, “Visa Direct” vasitəsilə stabilkoinlərlə sərhədlərarası ödənişlərin həyata keçirilməsi üzrə pilot layihələr də icra olunur.