Avtobuslarda NFC ilə nağdsız ödənişlər başlayır
Bakıda ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödənişə başlanılır.
Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, yeni sistemin pilot mərhələsi 500 nömrəli marşrut xəttində (metronun “20 Yanvar” stansiyası-Sumqayıt şəhəri) tətbiq edilib və 1-3 gün ərzində sınaqdan keçiriləcək. Sınaq nəticələrinə əsasən, sistemin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bununla da bütün marşrut avtobuslarda NFC ilə ödəniş dəstəyi tam şəkildə fəaliyyət göstərəcək. Sərnişinlər validatora sadəcə bank kartı, smartfon, ağıllı saat və ya digər NFC dəstəkli cihazı yaxınlaşdırmaqla saniyələr içində ödəniş edə biləcəklər. NFC ilə ödəniş zamanı balans olmadığı halda sərnişinlərə birdəfəlik keçid imkanı da verilir.
Qeyd edək ki, "MasterCard" və "Visa" kartları ilə ödəniş sistemi Gəncə və Şamaxı da daxil olmaqla bir sıra şəhərlərdə artıq tətbiq olunur.