Bazarlarda nağdsız ödənişlər məcburi olacaq
1 oktyabr 2025-dən etibarən bazarların fəaliyyətinə ciddi dəyişikliklər gəlir. Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ötən ilin sonunda Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minir və bazarlarda vergi intizamının gücləndirilməsini hədəfləyir.
Qanunvericiliyin tələblərinə görə:
İcarəçilərin fəaliyyətə başlaması yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınmasından sonra mümkün olacaq.
Təsərrüfat obyektlərinin girişində vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat lövhəsi yerləşdirilməlidir.
Bazar mülkiyyətçiləri rübdə bir dəfə icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran və ya davam etdirən icarəçilər barədə məlumatı vergi orqanlarına təqdim etməlidirlər.
Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarlarına və kənd təsərrüfatı kooperativi bazarlarına şamil olunmur.
Oktyabrın 1-dən etibarən növbəti 6 ay ərzində uçotsuz obyektlərin və həmin obyekti icarəyə götürənlərin vergi uçotuna alınması təmin edilməlidir.
Bu tələblər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınmasına, icarə haqlarının rəsmiləşdirilməsinə və bazarların şəffaf fəaliyyətinə xidmət edəcək.
Ən mühüm məqamlardan biri odur ki, vergi uçotuna alınan hər bir obyektin POS-terminal ilə təchiz edilməsi məcburidir. Bu, bazarlarda nağdsız ödənişlərin infrastrukturunu genişləndirəcək və alıcılar üçün ödəniş rahatlığını artıracaq.
İndiyədək bir çox bazarlarda nağdsız ödəniş imkanlarının məhdudluğu alıcı və sahibkar münasibətlərində müəyyən problemlər yaradırdı. Yeni dəyişikliklərlə:
Satıcılar rəsmi uçotda olacaq və POS-terminallar vasitəsilə ödəniş qəbul edəcəklər;
Kartdan-karta qeyri-rəsmi köçürmələr əvəzinə, tam hüquqi və şəffaf şəkildə aparılan əməliyyatları təmin edəcək;
Dövlət isə həm vergi intizamını, həm də maliyyə dövriyyəsinin şəffaflığını gücləndirmiş olacaq.