ƏDV qeydiyyatı limiti nağdsız əməliyyatlara görə artırılır
Vergi Məcəlləsinə edilən dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qaydalarını yeniləyir.
Hazırkı qanuna görə, vergi tutulan əməliyyatların məbləği ardıcıl 12 aylıq dövrdə 200 min manatı keçdikdə ƏDV qeydiyyatı məcburidir.
2026-cı ildən isə POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlara 0,5 əmsal tətbiq olunacaq və ƏDV qeydiyyat limiti iki dəfə artırılaraq 400 min manata çatdırılacaq. Həmçinin, eyni yanaşma vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı da tətbiq ediləcək. Məsələn, bir fərdi sahibkarın POS-terminal vasitəsilə 300 min manat nağdsız və 40 min manat nağd dövriyyəsi varsa, yeni qaydaya görə nağdsız dövriyyə 150 min manat kimi hesablanır. Ümumi dövriyyə 190 min manat olduğundan, sahibkarın ƏDV qeydiyyatı öhdəliyi yaranmır.
ƏDV qeydiyyatından çıxma prosesi də yeni yanaşmaya uyğun olaraq sadələşdirilir. Nağdsız dövriyyəyə 0,5 əmsal tətbiq edilməklə, ümumi dövriyyə 100 min manatdan aşağı olan sahibkarlar qeydiyyatdan çıxa biləcəklər. Bu dəyişikliklər sahibkarlar üçün vergi yükünü azaltmaqla, əməliyyatların şəffaflığını artırır və nağdsız ödənişlərin təşviqinə xidmət edir