Kriptodələduz həyat yoldaşı ilə ölü tapıldı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) kriptodələduzluqda ittiham olunan Roman Novak və onun həyat yoldaşı Anna qətlə yetirilib.
Roman Novak kriptovalyuta köçürmələri üçün yaradılmış "Fintopio" tətbiqinin təsisçisi kimi tanınırdı. Bu layihə Telegram Wallet-ə alternativ kimi təqdim edilirdi. Novak investorları cəlb etmək üçün “ərəb şahzadələri və Pavel Durovla tanış olduğunu” iddia etmişdi. Nəticədə, o, layihəyə təxminən 500 milyon dollar investisiya cəlb etmiş, daha sonra isə yoxa çıxmışdı.
Roman və Anna ilə təxminən bir ay əvvəl əlaqə kəsilob. İlkin məlumatlara görə, onların meyitləri Dubaydan təxminən 1,5 saatlıq məsafədə yerləşən Xatta şəhərində, kirayə götürdükləri villada aşkarlanıb.
Cinayətkarlar Novakı “potensial investorla görüş” bəhanəsi ilə cəlb ediblər. Məqsədləri onun kriptocüzdanına çıxış əldə etmək olub. Lakin cüzdanın boş olduğu müəyyənləşəndən sonra, cinayətkarlar Novakı və həyat yoldaşını amansızlıqla qətlə yetirib, cəsədləri hissələrə bölərək paketlərə doldurublar.
İlkin istintaq məlumatına əsasən, cinayətdə yeddi nəfər şübhəli bilinir. Onlardan bəziləri Rusiya vətəndaşları, digərləri isə Qazaxıstan vətəndaşlarıdır.
Hadisə BƏƏ hüquq-mühafizə orqanları ilə Rusiya istintaq qurumları arasında birgə araşdırılır.