“Mastercard” “LoanPro” ilə “Kartda Kredit” həllini işə salır
“Mastercard” kredit platforması olan “LoanPro” ilə əməkdaşlıq edərək “Loan on Card” (Kartda Kredit) adlı yeni həlli təqdim etməyə hazırlaşır. Bu həll kreditorlara vəsaiti birbaşa borcalanın virtual və ya fiziki “Mastercard” kartına köçürməyə imkan verəcək. Borcalanlar isə bu vəsaitdən “Mastercard” qəbul edilən istənilən onlayn və ya fiziki satış nöqtəsində istifadə edə biləcəklər.
“Mastercard”ın məlumatına görə, ənənəvi kredit modellərində vəsaitin bank hesabına köçürülməsi prosesi bəzən gecikmələr və texniki məhdudiyyətlər yaradırdı. “Loan on Card” həlli isə bu maneələri aradan qaldıraraq təsdiqlənmiş fərdi və kiçik biznes müştərilərinə vəsaitə ani çıxış imkanı təqdim edir.
Kredit sabit müddətli taksitlərlə qaytarılacaq və borc balansı dəyişməz qalacaq. Kart rekvizitləri isə standart olaraq birbaşa mobil cüzdana əlavə edilə biləcək.
Şirkət bu həllin kredit prosesini daha sürətli, çevik və rəqəmsal edəcəyini açıqlayıb. “LoanPro” isə bildirib ki, əməkdaşlıq kreditorlara daha müasir təcrübə təqdim etməklə yanaşı, fərdiləşdirilmiş və innovativ kredit məhsulları hazırlamaq imkanı verəcək. Qeyd edək ki, “Loan on Card” həllinin 2026-cı il ərzində istifadəyə verilməsi planlaşdırılır.