"GreenPay" elektron pul təşkilatının fəaliyyəti müvəqqəti dayandırıldı
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Greentek Group” MMC-yə – “GreenPay” elektron pul təşkilatına qarşı təshih tədbiri tətbiq edib. Qurumdan verilən məlumata görə, şirkətdə aparılmış plandan kənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb.
Yoxlama nəticəsində ödəniş hesablarının qanunvericiliyə uyğun qaydada açılmaması və internet resursları üzərindən aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktları müəyyən edilib.
Bu səbəbdən “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən, “GreenPay” elektron pul təşkilatına verilmiş EP-11/2022 saylı lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (yalnız istifadəçilərin vəsaitlərinin geri qaytarılması istisna olmaqla) müvəqqəti dayandırılması barədə göstəriş verilib.
Mərkəzi Bankın açıqlamasında vurğulanır ki, bu qərar ödəniş xidmətləri sektorunda şəffaflıq, təhlükəsizlik və etimadın qorunması məqsədini daşıyır.